Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ofisinin yaydığı məlumatın mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
İranın əziz xalqının diqqətinə çatdırılır:
Xalqın müxtəlif təbəqələrindən olan bəzi şəxslər ofislə əlaqə saxlayaraq bildirmişlər ki, düşmənin yalançı təbliğat şəbəkələrinin təsiri altına düşərək, böyük təəssüf hissi ilə şəhid Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) uca məqamına qarşı yersiz mövqelər sərgiləmiş, bəzən isə hörmətsizlik xarakterli ifadələr işlətmiş və ondan halallıq ala bilmədiklərinə görə peşman olduqlarını ifadə edərək öz vəzifələri barədə məlumat almaq istəmişlər.
Onun mübarək həyatı dövründə oxşar hallara verdiyi cavablara əsasən, o, dəfələrlə belə buyurmuşdur: “Bütün İran xalqı mənim övladlarımdır və mən onların hamısı üçün dua edirəm. Mən sizi bağışlamışam, sizə halallıq vermişəm və yenə də verəcəyəm.”
Bildiririk ki, bütün bu şəxslər arxayın ola bilərlər; onlar o mehriban qəlbin bağışlamasına nail olmuşlar. O qəlb ki, bir okean kimi bütün insanları öz qoynunda birləşdirmişdi.
Bu razılığın nişanəsini bu gün xalqın vahid, əzəmətli və qəhrəmanlıq dolu iştirakında, düşməni sarsıdan möhkəm iradələrində aydın şəkildə görmək mümkündür. Belə ki, Allah-taalanın yardımı ilə onların arasındakı bütün ayrılıq divarları aradan qalxmış, hamı “Allahu Əkbər” şüarı ilə “Yalnız Allahın sözü ucadır” bayrağını ucaldaraq, Allaha təvəkkül etmiş, həmrəy və həmfikir şəkildə yalnız batil qüvvələr üzərində qələbəni hədəfləmişdir.
Möhkəm dayanın və bilin ki, İslam İnqilabının sabiq Ali Məqamlı Rəhbəri şəhid Ayətullah Seyid Əli Xameneinin duasının sizə faydası olacaqdır. Sizin bu möhkəm iradəniz ilahi yardımın və yaxın qələbənin müjdəsindən xəbər verir.
Allah Quranda belə buyurur:
إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ
Əgər Allaha (onun dininə) yardım etsəniz, O da sizə yardım edər və ayaqlarınızı sabit edər. (Muhəmməd surəsi, 7-ci ayə)
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ofisi
Rəyiniz